Elçibəydən Sonra

TAKİP ET

Bu sözü tez-tez eşidirik:"Əvəz edilməz insan yoxdur"

Bu sözü tez-tez eşidirik:"Əvəz edilməz insan yoxdur". Əslində isə zaman keçdikcə yeri görünən insanları xatırlayanda əmin oluram ki, elə insanlar var ki, onları əvəz etmək çətindir, bəlkə də mümkün deyil. Bu böyük insanlardan biri də, Milli Azadlıq Hərəkatının lideri, demokratiya deyəndə gözümün önünə gələn ilk şəxs olan Əbülfəz Elçibəydir. Bir dəfə "Bayraqdar" Elman Türkoğlunun övladının yas mərasimində tanıdığım bir ziyalıya belə bir sual verdim; "Bəy, nəyə görə biz dahilərimizə sağlığında qiymət verə bilmirik?"Sualın cavabını aldım. Bəli, elə insanlar var ki, onlar düşüncələrinə və dünyagörüşlərinə görə yaşadıqları cəmiyyətdən bir çox il öndədirlər. Cəmiyyət o düşüncə tərzinə çatmadığı üçün, zamanında onlarla eyni zamanda yaşayan dahilərin fikirlərini anlaya bilmir. Əbülfəz Elçibəy də cəmiyyətin tam anlaya bilmədiyi şəxsiyyətlərdən idi. Bu gün cəmiyyət, kimi itirdiyini anlamağa başlasa da, artıq Əbülfəz Bəy cismən yoxdur. Bəyin yerinə onun düşüncələrini mənimsəyən yox, pencəyini, ayaqqabısını geyinib özünü Elçibəyə oxşadanlar siyasət yapır. Əbülfəz Elçibəydən sonra Azərbaycan adlı ümidlər sönməyə başladı. Xəyallarında Azərbaycanı cənnətə döndərənlərin çoxu Avropaya üz tutub, yolçuluqlarına, "Cəhənnəmdən cənnətə yolçuluq" adı verdilər. Cənnət Azərbaycanımız cəhənnəmlə əvəzləndi. Azərbaycan ölmüş ümidlərin qəbiristanlığına döndü. Analar balasından, bacılar qardaşından imtina etdi. Məzarların təhqir edildiyini də gördük Bəydən sonra... Bəydən sonra onu sevənlərlə birlikdə sevməyənlər də kimsəsiz qaldı. Bəydən sonra yaxşı heçnə olmadı. "Qarabağı azad etməyə rus icazə verməz", fikri cəmiyyətə hakim kəsildi. Özümüzə ümidimiz öldü, başqalarında carə axtarmağa başladıq. Ehh, Bəydən sonra elə şeylər oldu ki... "Bayrağımızın rəngləri düz deyil, himnimiz qana səsləyir deyib", dəyərlərimizə al uzatdılar. Bəydən sonra ermənilər də Bakıda rahat dolaşmağa başladı. Bəyin kölgəsində böyük görsənənlər Bəydən sonra çox kiçildilər. Meydan Elçibəyçiləri təşkilatlardan qovduran "Elçibəyçi"lərə qaldı. Azərbaycan siyasəti kiçik "büt"lərlə doldu. Böyük Bəyi tənqid edənlər kiçik "büt"lərə səcdə etdilər. Bəydən 100 günlük hakimiyyətinin hesabını istəyənlər, bu hakimiyyətdən 25 ilin hesabını sormağa cəsarət etmədilər. Təşkilatlarda, "niyə belə oldu", "nədən təşkilat zəiflədi", "nədən mübarizə yoxdur" deyib sorulmadı, soranlar isə düşmən elan edildi. Bəydən sonra hesab itdi... Bu yazını yazanda yadıma bir hadisə düşdü. Ağsuda şəhidimizi dəfn edərkən, "Şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndirdik. Həmin zaman orda olan "qiblə"si İran olan bəziləri "Allahu Əkbər" qışqırmağa başladı. Əslində hayqırılan hər iki söz də bizim üçün müqədəsdir. Ancaq o zaman "Allahu Əkbər"i şəhid üçün yox, bizim "Şəhidlər ölməz, vətən bölünməz" şüarımızı sudurmaq üçün deyirdilər. Bir neçə dəfə bəzi tədbirlərdə "Elçibəy" şüarı səsləndirəndə yeri gəldi gəlmədi "Azərbaycan -Türkiyə" qışqıran bəzilərini görəndə yadıma bu hadisə düşdü. Bəlkə də belə deyil. Ancaq Bəydən sonra çox adamlar dəyişib... Bəydən sonra inam itdi, sevgi tükəndi, azadlıq mübarizəsi "çörək ağaçı"na çevrildi. Bəyin hakimiyyətində Ağdərəni azad edən, Xankəndinin girişində olan, Qarabağ problemini kökündən kəsən Azərbaycan ordusunun ən böyük qələbəsi Lələtəpə oldu. Bəydən sonra qələbə xəbərlərinə də həsrət qaldıq. Bəydən sonra tək Azərbaycanda yox, Türk Dünyasında da çox hadisələr baş verdi. Bəy sağ olsaydı çox şey indikindən fərqli olacaqdı. Bəydən sonra dəyişməyənlər də az olmadı, çoxlarının bəd xisləti dəyişmədi, çoxları, vərdişlərindən əl çəkmədi. Bəydən sonra Azərbaycan gəncliyi təkləndi, əzildi ancaq sınmadı, əyilmədi. Bəydən sonra Azərbaycan gəncliyi Bəysizliyi- təkliyini görüb, özünə güvəndi. Yedək olmaq yox, lider olmağa qərar verdi. Çətindir, başı qarlı, yolu buzlu, dərəsi dumanlı olan sıldırım qayaları aşıb dağın zirvəsinə çatmaq çox çətindir. Ancaq biz o yolu, sənin göstərdiyin o müqəddəs yolu gedəcəyik! Azərbaycan gəncliyi arzularına çatdıq bəy deyib, sizə mütləq müjdə verəcək! Orda bir yol var uzaqda; O yol bizim yolumuzdur... Dönməsək də, varmasaq da. O Yol bizim yolumuzdur... ƏBÜLFƏZ ELÇİBƏY

Ebulfez Elçibey ƏBÜLFƏZ ELÇİBƏY