Layiqli Vətəndaş Olmaq Üçün İnsan Olmaq Gərəkdir

TAKİP ET

BƏLKƏ SƏHV DEYİRƏM? Vətəndaş olmağın da, xalq olmağın da, yolu insan olmaqdan keçir

BƏLKƏ SƏHV DEYİRƏM? Vətəndaş olmağın da, xalq olmağın da, yolu insan olmaqdan keçir. Mən heyvan saxlamağa meyilli adam deyiləm. Ancaq bir vaxtlar it saxlamışam. Bir itim var idi, açılıb bir nəfəri tutduğu üçün dayım onu tüfənglə öldürmək istəyirdi. İti götürüb evdən qaçdım. İki gün itlə birgə üzüm sahəsində, otun üstündə yatdım. Laçından Əlövsət adlı bir adam dəfələrlə iti ona verməyimi, əvəzində bir erkək qoyun verəcəyini desə də, iti ona vermirdim. Öldürüləcəyindən qorxduğun üçün aparıb iti qarşılıqsız olaraq Əlövsət kişiyə verdim. İti aparanda, həmin gün ancaq sakitcə ağlamışdım. Dəfələrlə olub ki, qapıda olan toyuq-cucəni pişik yeyib. Pişiyi qonşu uşaq tutub, ancaq aparıb azdırmağa ürəyim gəlməyib, bəlkə balası var demişəm. Günah olduğunu düşünmüşəm. Ürəyim gəlməyib. Sözüm onda deyil. O gün televiziyada verlişə baxıram. Ata iki azyaşlı övladını avtovağzalda atıb gedib. İki körpə uşaq sahibsiz küçədə qalıb. Bir başqa hadisə yenə ürəyimi parçaladı. Şəhid ailələrinə verilən 11000 manat kompensasiyanı ələ keçirmək üçün qaynana gəlinini şərləyərək dəlixanaya qoyub. Şəhid oğlunun yadigarı olan balasının anasını.... Demək olar ki, tez-tez zibilliyə atılan körpələr haqqında xəbərləri oxuyuruq. Ana öz övladını, ciyərparasını zibilliyə atır. Normal insan bunu heyvana etməz. Ana övladına edir.... Bəlkə də insanlıqdan çıxdığımız üçün bu faciələri yaşayırıq. Bu iyrənc, artıq insanlıq dəyərlərini itirmiş bir cəmiyyətdən azad seçki gözləməkdə nə qədər haqlıyıq? Bəzən bu sual məni çox düşündürür... Almaniya vətəndaşı olan bir tanışım deyir ki, ora gedən muhacirlərin bəziləri küçədən sahibsiz heyvan tapıb saxlayır və bununla da humanist insan donuna bürünərək oturum alır. Deyir hətta adamlar var ki, aylarla sahibsiz heyvan axtarır tapa bilmir. Bəlkə də yarızarafat deyilən bir sözdür, ancaq fakt budur ki, avropada heyvana verilən dəyər bizdə insana verilmir. Avropa və Azərbaycan cəmiyyəti. Heç kim inciməsin, bu iki cəmiyyətdə olan fərqi yaradan bu cəmiyyətlərdə olan insanlıq fərqidir. Biz məhv olmuşuq. Xocalı soyqırımından danışırıq. Övladını zibilliyə atmaqla, körpəsini küçədə azdirmaqla Xocalı Soyqrımı arasında elə də ciddi fərq yoxdur məncə. Hər ikisi də insanlığa qarşı həyata keçirilən cinayətdir. Biri yada edir, biri də öz doğmasına... Yaşlı anasını evdən qovub küçələrə salan biri vətənə necə ana deyə bilər? Anasını küçəyə atan birini övladının toyuna çağıran bir başqası necə namuslu vətəndaş ola bilər? Alt paltarında seçki bülleteni gizlədən qadın necə müəllimə -oyrətmən olub, normal nəsil yetişdirə bilər? Ümidsiz insanın son tikəsini rüşvət alıb evinə çörək aparan biri necə qeyrətli ata ola bilər? Xəstəyə gəlir mənbəyi kimi baxan həkimlə necə dövlət qurmaq olar? Bu korlanmış cəmiyyətlə dövlət qurmaq çətindir əzizərim, lap çox çətindir. Leş ətini gətirib halal ət adına insanlara satandan insan olmaz. Bunu bilib, elələrinə salam verəndən vətəndaş olmaz. Birinin faciəsi üzərindən özünün xoşbəxtliyini quran kütlədən cəmiyyət olmaz. Ətrafımıza baxaq, dörd bir yanımız pozğun, əxlaqsız vətən, dövlət anlayışından uzaq insan cildində olan vəşhi sürüsü ilə əhatələnib. Ətrafımızda olan bu dairə getdikcə daralır. Bəlkə ilk növbədə bundan xilas olaq. Ümumiyyətlə bəlkə ayrılaq, uzaqlaşaq bunlardan? Bəlkə özümüzə kiçik bir cəmiyyət yaradaq, bu avara, pozğun sürüsündən özümüzü təcrid edək? Bəlkə bunlarla aramıza sədd çəkək? Mən bilmirəm, bəlkə kimsə bunların insana çevrilməsinin yolunu bilir, çıxsın önə. Ancaq mən inanmıram. Ümidim ölüb bu cəmiyyətdən. Nəisə, insan olmağın yollarını düşünmək lazımdır. Vətəndaş olmağın yolu insan olmaqdan keçir.